CƏMİYYƏT


Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək

Yaxın zamanlarda doğma sakinlərinə qucaq açacaq yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonunun Horovlu kəndidir. Təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan kənddə tikinti işləri sürətlə davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horovlu kəndi də erməni işğalı zamanı tamamilə dağıdılaraq viran edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən gerçəkləşən Zəfər yürüşünün 8-ci günündə azad edilən yaşayış məntəqələrindən biri də Horovlu olub. Ötən il dövlət başçısı tərəfindən təməli qoyulan kənd yenidən qurulur.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, kəndin layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfər olmaqla, 867 ailənin yaşaması nəzərdə tutulub.