Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib
09.10.2024 [20:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
AZƏRTAC xəbər verir ki, COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirdi.
Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.