Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİM: Ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib

11.10.2024 [10:48]

Xəbərin mətni

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib. Müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.