Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərdabda su basmış ərazilərdə vəziyyət nə yerdədir?

03.06.2026 [20:06]

Xəbərin mətni

Zərdab rayonunun Azərbaycan küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının və yaxınlıqdakı fərdi evlərin zirzəmiləri, həyətyanı sahələr, tövlələr və meyvə bağları su altında qalıb. Mövcud vəziyyətə bir neçə gün əvvəl yağan aramsız və intensiv yağışlar nəticəsində qrunt sularının səthə çıxması səbəb olub. Yağıntıların dayanmasından və havaların isinməsindən bir neçə gün keçməsinə baxmayaraq, bəzi ərazilərdə suyun səviyyəsində ciddi azalma müşahidə olunmur. AZƏRTAC-ın bölgə müxbirinə açıqlama verən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə baş məsləhətçisi Kamil Məmmədov bildirib ki, yağışlardan sonra yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Mövcud vəziyyət qiymətləndirildikdən sonra aidiyyəti qurumlara müraciət ünvanlanıb. Müraciətdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Görülmüş işlər nəticəsində avtomobillərin intensiv hərəkət etdiyi küçələrdə, çoxmənzilli yaşayış binalarının həyətyanı sahələrində, rayon mərkəzi xəstəxanasının, 1 saylı körpələr evi–uşaq bağçasının və digər sosial obyektlərin ətrafında toplanmış yağış və qrunt suları xüsusi texnika vasitəsilə çəkilərək boş sahələrə yönləndirilib.