Azərbaycan Dövlət İnformasiya Agentliyi

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

11.06.2026 [21:47]

Xəbərin mətni

Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri də Şirvan suvarma kanalının tikintisidir. Bu kanal 204,3 kilometr uzunluğundadır, təxminən 228 min hektar torpaq sahəsinin suvarmasına xidmət edəcək. Layihə çərçivəsində 112 min hektar mövcud torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 106 min hektar yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb ediləcək. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.