Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda intensiv bağçılıq inkişaf etdirilir - dövlət dəstəyi və uğurlu fermer təcrübəsi

19.06.2026 [20:00]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin müasir texnologiyalarla şaxələndirilməsi və intensiv bağçılığın inkişafı fermerlərin əsas hədəfinə çevrilib. Bu yanaşma, Prezident İlham Əliyevin təsdiqlədiyi kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında da strateji xətlərdən biridir. Dövlət Proqramında yüksək əlavə dəyər və ixrac imkanları olan intensiv və superintensiv bağçılığın inkişafı ön plana çəkilir. Əgər son 5–7 ildə ölkədə 50 min hektar intensiv bağ salınmışdısa, 2030-cu ilə qədər bu sahənin 70 min hektara çatdırılması qarşıya əsas hədəf kimi qoyulub.