Samux DAİM-in rəsmisi: Yeni güzəştli kredit imkanları və subsidiyalar fermerlərin balıqçılığa marağının artmasında böyük rol oynayacaq
17.07.2026 [18:25]
Ölkəmizdə ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi, aqrar sahədə dayanıqlı inkişafın sürətləndirilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" da bu məqsədlərə xidmət edir. Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi üçün bir sıra mühüm strateji vəzifələrin icrasını nəzərdə tutur. Proqramın ən mühüm istiqamətlərindən biri balıqçılıq və akvakultura sahələrinin inkişafı ilə bağlıdır. 2030-cu ilədək balıq istehsalının 7,7 min tona çatdırılması, ixracyönümlü və rəqabətqabiliyyətli akvakultura istehsalının formalaşdırılması, daxili bazarın yerli balıq məhsulları ilə təminatının artırılması hədəflənir.