Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub

19.08.2026 [18:37]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir. Sosial proqramların əsas məqsədlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, onların sosial təminatının gücləndirilməsi və məmnunluğunun təmin edilməsidir. Təbii ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvanda şəhid ailələri və müharibə iştirakçıları mənzillərlə təmin edilir. Bu gün də həmin kateqoriyalara aid vətəndaşlara 68 mənzil təqdim edilib. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.