“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası
06.09.2026 [15:01]
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən baş tacımız, mədəniyyət paytaxtımız Şuşada iki dəfə olmuşam. Əlbəttə, Şuşaya gedib müqəddəs Cıdır düzünü ziyarət etməmək mümkün deyil. Bir şəhid anası olaraq Cıdır düzündə olarkən həmin qayalıqlara, qəhrəman oğullarımızın böyük çətinliklərlə dırmaşaraq keçdiyi ərazilərə də baş çəkdim. İnsan bir anlıq düşünəndə ki, övladlarımız hansı çətinliklərə sinə gərib, nələrə qadir olublar, heyrətlənməyə və qürurlanmaya bilmirsən. O mənzərələri gördükcə onların göstərdiyi qəhrəmanlığın miqyasını daha dərindən anlayırsan. Bir ana, xüsusilə də şəhid anası kimi bu hissləri sözlə ifadə etmək çox çətindir. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə məxsusi açıqlamasında şəhid mayor Aqşin Abdullayevin anası Dursun Cavadova bildirib.