Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

07.10.2026 [12:53]

Xəbərin mətni

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) üçün bu müzakirə xüsusilə əhəmiyyətlidir. Bu il Komissiyanın yaradılmasının 30 ili tamam olur. Üç onillikdən çoxdur ki, biz cəmiyyətin üzləşə biləcəyi ən çətin suallardan birinə — itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədilə hökumətlər və ailələrlə əməkdaşlıq edirik. 30 il əvvəl, keçmiş Yuqoslaviyada baş vermiş müharibələrə cavab olaraq ICMP yaradıldıqda qarşıya qoyulan vəzifənin miqyası misilsiz idi: 40 min insan itkin düşmüşdü. Şəxslərin müəyyənləşdirilməsi ilə bağlı ənənəvi yanaşmalar sadəcə kifayət etmirdi. Buna görə də öyrənməli olduq. Öyrəndik ki, itkin düşmüş şəxslərin axtarışı yalnız bir vəzifə deyil, bütöv bir sistemdir. Bu sistem aydın səlahiyyətlərə malik institutların, qanunvericiliyin, araşdırma, axtarış və məhkəmə-tibbi ekspertiza imkanlarının olmasını, ailələrin prosesdə fəal iştirakını, etibarlı məlumatları, qurumlar və çox vaxt sərhədlər arasında əməkdaşlığı tələb edir. Eyni zamanda, bütün bu elementləri bir araya gətirmək üçün institusional imkanlar olmalıdır. Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.