Azərbaycan Dövlət İnformasiya Agentliyi

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim

04.11.2026 [11:50]

Xəbərin mətni

1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndindən məcburi köçkün düşən Vüsal Kazımov üçün doğma yurdun işğalı yalnız ev-eşiyindən, torpağından ayrı düşmək demək deyildi. Həmin ağır günlərdə anasını da itirən Vüsalın qəlbində illərlə sağalmayan bir yara, doğma torpaqların azadlığına qovuşacağı günə qədər sönməyən bir ümid vardı. O, 30 il ərzində yurd həsrəti və anasının itkisi ilə yaşadı. 2020-ci ildə Vətən müharibəsi başlayanda isə bu həsrətin sona çatması üçün özü də mübarizənin iştirakçısı olmaq qərarına gəldi. Vüsal Kazımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, müharibəyə həkim kimi könüllü yollanmaq üçün dəfələrlə müraciət edib. İlk müraciətlərinin nəticəsiz qalması onu fikrindən döndərməyib. Hətta hərbi komissarlıqda ailəsində şəhid olduğu üçün onun döyüşə göndərilməsinə tərəddüd edildikdə belə, Vüsal qərarından dönməyib.