CƏMİYYƏT


Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Noyabrın 21-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyaları zamanı Şabran rayonunda 2 hektar ərazidə 1000 ədəd badam tingi əkilib. Salınan meyvə bağları rayonda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək, gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.