SİYASƏT


Ali Baş Komandan: Bu əməliyyat bizim növbəti şanlı qələbəmizdir

Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır