ELM VƏ TƏHSİL


Bu gündən bağçaların fəaliyyəti bərpa olunub

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirirlər.Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib. Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görüblər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası da fəaliyyətini bu gündən bərpa edib. Bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.