CƏMİYYƏT


Döyüşlərdən öncə özünə “Məkanın cənnət olsun” deyərək, şəhidlik zirvəsinə yürüyən qəhrəman

Vətən müharibəsinə könüllü yollanan qəhrəmanlarımızdan biri də Səxavət İsmayılovdur. O, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı hər şeydən üstün tutdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səxavət 1997-ci il avqustun 19-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Səxavət də böyüyəndə hərbçi olmağı arzulayırdı. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən qəhrəmanımız hər zaman həmyaşıdlarından fərqlənib. Atası Sabir kişi ilə hər söhbətində düşmənə qarşı nifrəti daha da artıb, torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb.