ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi 18 mindən çox şagird üçün buraxılış imtahanı keçirib

Bu gün Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir. Bu imtahanlarda 18 min 367 nəfərin iştirakı nəzərdə tutulur. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılıb. Şagirdlər müəyyən məsafədə əyləşdirilib və bütün iştirakçılar tibbi maskadan istifadə ediblər. İmtahanlar saat 11:00-da başlayıb və şagirdlər 3 saat müddətində onlara təqdim olunan sualları cavablandırıblar.