CƏMİYYƏT


Polis Xətai rayonunda əməliyyatlar keçirib

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib. Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd “Revolver” tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.