CƏMİYYƏT


FHN neft yığma məntəqəsində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Daşgil neft yığma məntəqəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.