SİYASƏT


TASS agentliyində Ulu Öndərin 100 illiyinə həsr olunmuş sərgi təşkil edilib

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də TASS agentliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti agentliyin mənzil-qərargahı qarşısındakı meydanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sərgi ilə tanış olub.
Sərgidə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş olunur. Burada Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolar öz əksini tapıb. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini əks etdirən fotolar da sərgilənib.