ELM VƏ TƏHSİL


Heydər Əliyev Fondu tərəfindən Yevlax rayonunun Xanabad kəndində inşa edilmiş məktəb binası istifadəyə verilib

Yevlax rayonunun Xanabad kəndində 1978-ci ildə inşa olunmuş tam orta məktəb köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik məktəb inşa edərək istifadəyə verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin məktəbin kollektivi, kənd sakinləri iştirak ediblər.
Təhsil ocağı ilə tanışlıq zamanı bildirilib ki, üçmərtəbəli, 4 korpusdan ibarət məktəb binasında 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.