RƏSMİ


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd etdi.