SİYASƏT
Van At Nquyen: Heydər Əliyev Vyetnamın birləşməsindən sonra ölkəmizi ilk ziyarət edən ən yüksəkvəzifəli şəxs idi
Görkəmli dövlət xadimi Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə çalışdığı dövrdə təkcə kurasiyasında olan sahələrin inkişafı ilə deyil, həm də zamanında dünya siyasətinin formalaşmasında böyük rol oynayan SSRİ-nin xarici ölkələrlə, xüsusən də sosialist dövlətlərlə münasibətlərin tənzimlənməsində xüsusi xidmətləri var. Bu xüsusda Heydər Əliyev təkcə SSRİ-yə gələn nümayəndə heyətləri ilə görüşlərlə kifayətlənməyib, xarici ölkələrə də səfərlər edib. Bu günlər Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfəri olan Vyetnama səfərinin 40 ili tamam olur. Böyük nümayəndə heyəti ilə Vyetnama səfər edən Heydər Əliyev bir sıra görüşlər keçirib. SSRİ ilə Vyetnam arasında iki ölkəni narahat edən məsələlər müzakirə olunub. Əslində həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Çünki əzablı Fransa işğalından, ABŞ ilə qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Danışıqlarda mühüm siyasi məsələlər, eləcə də Vyetnama iqtisadi yardım və elmi-texniki kömək göstərilməsi geniş müzakirə olunmuşdu.