CƏMİYYƏT


Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Qax istiqamətdə hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan üç nəfər sərnişin xəsarət alıb. Yaralılar hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin yardım göstərilib. İki nəfərin vəziyyəti yaxşı olduğundan onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Digər bir nəfərin isə müalicəsi davam etdirilir.

Şahidlərin sözlərinə görə, sürətlə hərəkətdə olan “Mercedes Vito”nun qarşısına qəflətən inək çıxıb. Mikroavtobusun sürücüsü bir qəzadan yayınmaq istəsə də, digərindən qaça bilməyib və nəticədə əks istiqamətdən gələn “Mercedes”i vurub.

Faktla bağlı araşdırma aparılır.