Müəllimlər üçün imtahan bu tarixlərdə olacaq
07.06.2024 [18:57]
Bu il 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil fənlərini tədris edənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər. Təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva hesab edir ki, sertifikatlaşma həm də yaxşı müəllim olmanın təsdiqidir. Təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov deyir ki, sertifikatlaşdırma müəllimlərin əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə imkan yaradır. Belə ki, 2023-cü ildə sertifikatlaşdırmadan keçmiş 5 mindən çox təhsilverənin vəzifə maaşına 35 faiz, 18 minə yaxın təhsilverənə isə 10 faiz artım tətbiq olunub.