ELM VƏ TƏHSİL


32 ildən sonra Füzuli şəhərində son zəng çalınıb

İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng çalınıb. 465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var.
Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak ediblər.