ELM VƏ TƏHSİL


Tovuzun ən yüksək bal toplayan şagirdi illərdir ki, arzuladığı ixtisas üzrə təhsil alacağını deyir

Ayın 26-da keçirilən qəbul imtahanında III qrup üzrə ən yüksək nəticəni Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392,5 bal toplayıb. AZƏRTAC xəbər verir ki, İlahə Məhərrəmzadə illərdir ki, biliyini qarşıya qoyduğu hədəfə çatmaq üçün sərf edib və istədiyi nəticəni alıb. Bir çox yarışmalarda, müsabiqələrdə, sınaqlarda iştirak edən İ.Məhərrəmzadə bütün bunların hamısının onun son uğuru qazanmasında böyük rolu olduğunu bildirir. O, uşaq yaşlarından nümunəvi şagird olub. Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdə müəllim kollektivi onun istedadına və zəhmətkeşliyinə inanıb, daim onun uğuruna sevinib və daha da yüksək nailiyyətlər qazanmağa ruhlandırıblar. İlahə Məhərrəmzadənin hər uğuru müəllimləri kimi valideynlərini də həmişə sevinc göz yaşlarına qərq edib.