CƏMİYYƏT


Həlak olan polis serjantı Binədə dəfn olunub

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mahir Ağayev dəfn olunub. Polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd göstərib. Yaranmış vəziyyətdən istifadə edərək Rövşən Allahverdiyev “Lancaster” markalı ov silahından atəş açmaqla 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.