ELM VƏ TƏHSİL


Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub

Elm və Təhsil Nazirliyi olaraq prioritetimiz təhsilin əlçatanlığıdır. Beş yaşlı uşaqların 50 faizə qədərinin məktəbəqədər təhsilə cəlb olunması əsas hədəf kimi götürülüb.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” devizi altında keçirilən “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransının açılış mərasimində söyləyib. Nazir bildirib ki, uşaqların 85 faizi özəl sektor da daxil olmaqla məktəbəqədər və məktəbəhazırlığa cəlb olunub: “Bu təhsil pillələrinə cəlb olunmayan uşaqlarda kifayət qədər riyaziyyat və oxu bacarıqları fərqi var. Buna görə də 2026-cı ilədək uşaqların 50 faizinin məktəbəqədər təhsilə cəlb olunması qarşımızda duran əsas məqsəddir. Bu, 2022-ci illə müqayisədə məktəbəhazırlıq pilləsində əlavə 100 min yerin açılması deməkdir. Bu istiqamətdə bir neçə modelimiz mövcuddur. Bunlardan biri ənənəvi uşaq bağçalarının açılmasıdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hər bir yaşayış məntəqəsində məktəbəqədər təhsil müəssisələri açılır. İcmaəsaslı məktəbəqədər təhsil layihəsi üzrə isə 16 mindən artıq uşaq təhsil almaqdadır. Bu sayın növbəti illərdə 100 minə çatdırılmasını planlaşdırırıq”.