ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
05.07.2024 [21:59]
İyulun 5-də Bakı Konqres Mərkəzində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. O bildirib ki, 2023-2024-cü tədris ilində olimpiadaya 57 min 483 şagird qatılıb. Respublika mərhələsində yarımfinala 12 min 238, finala isə 1025 şagird vəsiqə qazanıb. Olimpiadada 491 nəfər qalib gəlib və 122 nəfər məzun adını qazanıb. Bu o deməkdir ki, onlar ali məktəblərə imtahansız qəbul imkanına malikdirlər. Yəni artıq tələbə adını qazanıblar. Olimpiadanın nəticəsinə görə, 84 nəfər qızıl, 163 nəfər gümüş, 244 nəfər bürünc olmaqla ümumilikdə 491 nəfər qalib elan edilib. Qaliblərin 151 nəfəri qız, 340 nəfəri oğlandır. Qaliblərin 204 nəfəri ümumi təhsil müəssisələrindən, 50 nəfəri rayon, 74 nəfəri isə kənd-qəsəbələrdəndir.