32 ildən sonra nəşi tapılan şəhid Məmməd Mirzəyev Ağdamda torpağa tapşırılıb
15.07.2024 [16:52]
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəyev Məmməd Hüseyn oğlunun meyitinin qalıqları Ağdam rayonunda dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Məmməd Mirzəyev 1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndi işğal olunan zaman itkin düşüb.
Şəhidin meyitinin qalıqları Vətən müharibəsindən sonra Qaradağlı kəndi ərazisində aşkar edilib.