Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səksənə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxslər saxlanılıb

17.07.2024 [11:20]

Xəbərin mətni

İnternet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Bu barədə AZƏRTAC-a DİN-n mətbuat xidmətindən məlumat verilib. Həmin şəxslər ətrafında aparılan tədbirlər nəticəsində məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, onların dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında informasiyalar yerləşdiriblər.