Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya səyyahları Şuşada

25.07.2024 [14:47]

Xəbərin mətni

Dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Səyahətçilər sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.