Su polisləri Sahil Mühafizə əməkdaşları ilə birgə Xəzər dənizində brokonyerlik edən şəxsləri aşkarlayıblar
26.07.2024 [11:13]
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Xəlil Həsənov saxlanılıb.
Yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, qadağan olunmuş balıqovlama alətləri və qanunsuz ovladığı kefal balıqları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Su polisləri tərəfindən Xəzər dənizinin Bibiheybət qəsəbəsi istiqamətində həyata keçirilən tədbir zamanı isə həvəskar balıqçı adı altında qanunsuz balıq ovu ilə məşğul olan Rasim Nəciyev də saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərriki ilə təmin olunmuş qayıq, qadağan olunmuş balıqovlama alətləri, qanunsuz ovladığı kefal və kütüm balıqları aşkarlanıb.
Araşdırma zamanı bu şəxslərin su bioresurslarından qanunsuz istifadə etmələri nəticəsində ekologiyaya 2000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Faktlarla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.