Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdərə və Tərtər sakinlərinin kardioloji müayinələri aparılıb

26.07.2024 [17:51]

Xəbərin mətni

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb. Tədbirin əsas məqsədi vətəndaşlarda ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 25-də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində tibbi müayinələr təşkil olunub. Tibbi müayinələr iyulun 26-da Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tərtər şəhərində şəhid və qazi ailələri üçün davam etdirilib.