CƏMİYYƏT


Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Horadiz kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, hazırda olduqları ərazi əsasən tank əleyhinə minaların üstünlük təşkil etdiyi bir sahədir və axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar da aşkarlanır. Həmçinin qeyd edilib ki, işğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla həddən çox çirkləndirilib və aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır.

Bildirilib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır. Daha sonra ərazidə aşkarlanan tank əleyhinə minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.