CƏMİYYƏT


Beyləqanlı şagird repetitor yanına getmədən yüksək bal toplayıb

Beyləqan rayonu Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Vəlizadə Anar Atamoğlan oğlu heç bir repetitor hazırlığına getmədən buraxılış imtahanlarında yüksək nəticə göstərərək 620 bal toplayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Anar Vəlizadə 2006-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində dünyaya göz açıb. 2013-cü ildə elə həmin kənddə Ələmdar Rzayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. İstedadı və tərbiyəsi ilə seçilən Anar orta məktəb vaxtlarında da əla qiymətlərlə oxuyub. Ali məktəbə yüksək balla daxil olmağı qarşıya məqsəd qoyan Anar öz istəyinə çatıb. Anarın valideynləri təkid etsə də o, repetitor hazırlıqlarına getməkdən imtina edib. Orta məktəbdə aldığı tədris və öz üzərində çalışmaqla imtahanlara hazırlaşıb. Anarın əsas hədəfi 700 bal olmağına baxmayaraq qazandığı uğur özünü, ailəsini və müəllimlərini də çox sevindirib.