Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Biləsuvarın Ağalıkənd kəndində ilk dəfə zəfəran bitkisi becərilir

01.08.2024 [15:20]

Xəbərin mətni

Biləsuvar kənd təsərrüfatı rayonudur. Burada çalışan əmək adamları təkcə ənənəvi bitkilərin becərilməsi ilə kifayətlənmir. Son illər rayon sakinləri bölgəyə xas olmayan subtropik bitkilər, meyvə ağacları əkib-becərir, qeyri-ənənəvi əkin növləri ilə aqrar sahədə yeniliklərə imza atırlar. Dərman bitkisi kimi də adı tanınan zəfəran bitkisi artıq Biləsuvarda geniş əkin sahələrində becərilir.

AZƏRTAC xəbər verir ki, bitkinin əsasən Aralıq dənizi ətrafı ölkələrdə, Mərkəzi Asiya, İran, Əfqanıstan və Qafqazda 30-a yaxın növü bitir. Zəfəran Azərbaycanın bütün rayonlarında - arandan, orta dağ qurşağınadək ərazilərdə bağ və otlaqlarda yayılıb.

Fermer Ziyafət Nəsirov bildirib ki, yaxşı məhsul versə və gəlirli olsa bitkini əkməyə davam edəcəklər: “Əkinçiyik, biz torpaqla dolanırıq. Hansı bitki çox gəlir gətirirsə, onu əkmək istəyirik. Məhsulun yığımında çətinlik çəkdik. Belə ki, işçilərin əlləri tikana batdığına görə məhsul yığımı zamanı problem oldu. Biz də toxum kimi saxladıq. Toxumu sərfəli olarsa, növbəti illərdə təkrarən əkərik”.