CƏMİYYƏT
Şəhid Surxay Məmmədovun nəşinin qalıqları Gəncədə torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərlikləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və media mənsubları iştirak ediblər.
Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, ruhuna dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı şəhidin qardaşı Vüqar Məmmədova təqdim edilib.