RƏSMİ
Prezident İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, “Xaqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.