ELM VƏ TƏHSİL
Xankəndidə əsaslı təmir edilən körpələr evi-uşaq bağçasına 80-dən çox müraciət daxil olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edərkən görülən işlərlə yaxından tanış olur, açılışlar edir, yeni obyektlərin təməlini qoyur ki, bu da regionun inkişafına töhfə verir.
Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 19-da Qarabağa səfəri zamanı açılışı olan obyektlərdən biri Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasıdır. Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir.