CƏMİYYƏT
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib
Sentyabrın 29-da Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib.
Mərasimdə müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Baş prokuror K.Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, dostluq təməlləri əsasında keçiriləcək assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.