CƏMİYYƏT
Zəngilanda yeni təməli qoyulan yaşayış məhəllələrində 511 mənzil olacaq
Uzun illər erməni işğalında qalaraq viran edilən Zəngilan şəhəri azad olunduqdan sonra yenidən qurulur. Tikinti işlərinin geniş vüsət aldığı şəhərdə daha iki yaşayış məhəlləsinin təməli qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilan şəhərində təməli qoyulan beş və altıncı yaşayış məhəlləsində, ümumilikdə, 511 mənzil olacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, beşinci yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleks məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə, bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.