Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

19.10.2024 [14:55]

Xəbərin mətni

Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 11-13°, gündüz 14-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.