Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib
20.10.2024 [21:06]
Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Şuşa və Ağdam olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikinci qrupun səfəri ötən gün Xankəndi şəhərindən başlanıb. Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Onlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, 30 illik işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanılır.