COP29
Malayziya daha yaşıl bir gələcək üçün təbii zənginliklərini qorumağı prioritet hesab edir
Malayziya təbii müxtəlifliyi ilə zəngin bir ölkədir və bu, xüsusilə meşə örtüyündə və biomüxtəliflikdə əks olunur. Biz daha yaşıl bir gələcək üçün resurslarımızı mühafizə etməyi və təbii zənginliklərimizi qorumağı prioritet hesab edirik.
Bunu AZƏRTAC-a müsahibəsində COP29-un iştirakçısı, Malayziyanın “Greentech Ideaslab” şirkətinin baş direktoru Elina Jani deyib.
“Malayziya COP28-dən bəri aktiv şəkildə beynəlxalq iqlim fəaliyyətlərində iştirak edir. Hazırda COP29-da da səylərimizi davam etdiririk. Ölkəmizin və millətimizin dəyərlərini əsas götürərək, onu layiqincə təmsil etmək üçün bütün imkanlarımızdan istifadə edirik. Biz bu istiqamətdə energetika, yaşıllıq, innovasiya, davamlı inkişaf, dayanıqlılıq, texnologiya və gənclərin uyğunlaşması kimi yeddi əsas sahəyə diqqət ayırırıq. Bu sahələrin hər biri ölkəmizin iqlim məsələlərində müsbət rolunu və beynəlxalq platformalarda nümunəvi mövqeyini gücləndirmək üçün vacibdir”, - deyə Elina Jani əlavə edib.