CƏMİYYƏT
COP29-da Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
Noyabrın 19-da Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak edib. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıb.