COP29


COP29-da "Yaşıl binalar və tikinti sektorunun dekarbonizasiyası" mövzusunda panel keçirilib

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Yaşıl binalar və tikinti sektorunun dekarbonizasiyası" mövzusunda panel keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə inkişaf etməkdə olan bazarlarda inşaat sektorunun dekarbonizasiyasına dair ətraflı müzakirələr aparılıb. Bu sessiya icra oluna bilən strategiyaları araşdırmaq, sıfır karbon və dayanıqlı inşaat sektoru üçün dövlət və özəl sektorun səylərini uyğunlaşdırmaq məqsədilə beynəlxalq və yerli liderləri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Çin, Cənubi Afrika və Türkiyədən olan sənaye nümayəndələrini bir araya gətirib.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Aliyə Əzimova keçən müddət ərzində IFC-nin Bakı ofisi ilə məhsuldar əlaqələr qurduğunu və onlarla birgə bir sıra layihələr həyata keçirdiyini xatırladıb. O, Kiçik və Orta Biznesin (KOB) yaşıl tikinti sənayesinin təmin edilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə Azərbaycanın tikinti ekosistemində KOB-ların rolundan bəhs edib. O, KOB-ların dünya üzrə fəaliyyət göstərən bütün müəssisələrin 90%-dən çoxunu təşkil etdiyini, bu səbəbdən də yaşıl tikinti infrastrukturuna tələbi artıra biləcəyini söyləyib: "Azərbaycan üçün mövcud statistik məlumatlara əsasən, tikinti sektorunda 16 mindən çox KOB fəaliyyət göstərir. Bu gün Azərbaycanda tikinti sektorunun inkişafı çərçivəsində bu rəqəm 2018-ci ildən davamlı olaraq dörd dəfədən çox artıb. Burada eyni zamanda 55 mindən çox insandan söhbət gedir. Bu, tikinti sektorunda mikro, kiçik və orta biznesin mövcudluğunu və onların ölkəmizdə yaşıl tikinti təcrübələrinə töhfə vermək imkanlarını göstərir. 2023-cü ildə isə Azərbaycanda aktiv KOB-ların sayı 400 mini ötüb. Bu, ölkəmizdə fəaliyyət göstərən bütün qeydiyyatdan keçmiş müəssisələrin 99%-dən çoxunu təşkil edir".