Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib

03.02.2025 [19:03]

Xəbərin mətni

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri”nin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Gəncləri Günü gənc nəslə daim böyük diqqət və qayğı ilə yanaşmış, dövlətin gənclər siyasətinin təməlini qoymuş və bu siyasəti Azərbaycanın inkişafının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 28 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilən Gənclər Günü kimi təqvimdə yer alır. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə Beynəlxalq Gənclər Günü (12 avqust) elan edilib. Məhz Ümummilli Liderin imzaladığı fərman və sərəncamlar, qanunlar və dövlət proqramları gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və faydalı məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb.