Əziz Ələkbərli: "Qayıdış Konsepsiyası" beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır
03.06.2026 [15:47]
Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır. Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Bu təşkilat 1987-1988-ci illərdə, Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi, Qərbi Azərbaycandakı ata-baba yurdlarından Ermənistan dövləti tərəfindən sonuncu adamına qədər qovulan 300 min nəfər azərbaycanlı qaçqının sosial problemlərini həll etmək üçün 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilib. 2022-ci il avqustun 3-də “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olunub. Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.