Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq
12.06.2026 [16:01]
Yeni Dövlət Proqramına həsr olunan bugünkü müşavirə çox məhsuldar keçdi, hədəflərimiz böyükdür. Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin genişləndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində aparılan davamlı dövlət dəstəyi aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə göstərilən diqqət və qayğı, fermerlərə dəstək, verilən subsidiyalar və güzəştli kreditlər bu sahəyə investisiya qoyuluşunu təşviq edir və bizdə böyük inam yaradır. İnanırıq ki, qəbul edilən yeni Dövlət Proqramı bizim fəaliyyətimizə çox müsbət təsir göstərəcək. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Ağdaşda keçirilən regional müşavirədə iştirak edən “Türyançay” fermer təsərrüfatının direktoru Firdovsi Mahmudov deyib.